İlahə Qismət qızı Abdullayeva 11 sentyabr 1993-cü ildə Bakı şəhərində musiqiçi ailəsində anadan olub. Musiqiyə olan dərin marağı onu erkən yaşlarından bu sahədə inkişaf etdirmişdir.
1999-cu ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə daxil olaraq “Fortepiano”, “Muğam ifaçılığı” və “Bəstəkarlıq” ixtisasları üzrə təhsil almışdır. Artıq 5-ci sinifdə ilk bəstəsini – “Müqəddəs Vətən” hərbi marşını yazmış və bu əsər Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Nəfəsli Alətlər Orkestrinin repertuarına daxil edilmişdir.
2010-cu ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Bəstəkarlıq” ixtisası üzrə dahi bəstəkar Arif Məlikovun sinfinə daxil olmuşdur. O, bakalavr və magistr pillələrini fərqlənmə diplomu və “Qara Qarayev” adına fərdi təqaüdlə bitirmişdir. Həmçinin, akademiyadakı təhsil illərində ikinci ixtisas olaraq “Simfonik orkestr dirijorluğu” üzrə əməkdar artist Əyyub Quliyevdən dərs almışdır.
Respublika və beynəlxalq müsabiqələrin laureatı olan İlahə Qismət, gənclər üçün əhəmiyyətli bir sıra layihələrin müəllifi və təşkilatçısıdır. O, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Muğamatım bir dəryadır”, “Mən vətən torpağı, vətən daşıyam”, “Qürbətdən Vətən sədaları: Azərbaycan-İsrail”, “Bəxtiyar Vahabzadə – 90” və digər uğurlu layihələri həyata keçirmişdir.
Bəstəkar kimi iri janrlara da müraciət edən İlahə Qismət, 2018-ci ildə “Dədə Qorqud” dastanı motivləri əsasında eyni adlı iki pərdəli baletini tamamlamışdır. Həmin il Azərbaycan Bəstəkarlar İttifaqının üzvlüyünə qəbul edilmişdir. 2019-cu ilin 2 fevralında Gənclər və İdman Nazirliyinin təqdimatı ilə dövlət tərəfindən “Gənclər Mükafatı”na layiq görülmüşdür.
2017-ci ildən etibarən “Mədəni Əlaqələrin İnkişafına Dəstək” ictimai birliyinin sədri olan İlahə, rəhbərlik etdiyi layihələrlə Amerika, Estoniya, Almaniya, İsrail, Gürcüstan, Türkiyə və digər ölkələrdə konsertlər təşkil etmişdir.
Mədəniyyət sahəsində fəallığı ilə seçilən bəstəkar, 2020-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının yaradıcı gənclər üçün fərdi təqaüdünə layiq görülmüşdür. 2021-ci ildə isə Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə keçirilən romans müsabiqəsində “O anə yetdi...” qəzəlinə yazdığı romansla I yer mükafatını qazanmışdır.
14 iyun 2022-ci ildə Şuşa zəfərinə həsr olunmuş “Dəmir Yumruq” baletinin premyerası baş tutmuşdur.
Hal-hazırda İlahə Qismət Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü və “Gənclərlə iş” şöbəsinin sədri, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantı və elmi işçisidir. 2023-cü ildən Art Concept Agency-nin CEO-su və "musicAL.az" platformasının rəhbəridir.
Portfolio
Musiqi əsərləri və bəstələri:
Balet janrında:
“Dədə Qorqud” (2018)
“Dəmir Yumruq” (2022)
Simfonik və orkestr əsərləri:
“Qələbə” simfonik poeması
“Sən dahisən” xor və orkestr üçün kompozisiya
“Mədhi Əhəd” kompozisiyası
Marşlar:
“Müqəddəs Vətən” hərbi marşı
“İrəli Bax” hərbi rock marşı
“Dalğalansın bayraq” mahnısı
Kamera və instrumental musiqilər:
“SPY” kvarteti
“Peysage” pyesləri
“Anxiety” sonatinası
“Hisslər” romans silsiləsi
“Rəngli lövhələr” uşaq pyesləri
Tar və kannel (eston milli aləti) üçün “Mystic” əsəri
Vokal-instrumental əsərləri:
“O anə yetdi...” (Romans – Nizami Gəncəvinin qəzəlinə yazılmışdır, 2021, I yer mükafatı)
“The World of Nasimi” kompozisiyası (2019, New York)
"Hisslər"- romans silsiləsi
Layihələr və festivallar
Beynəlxalq festival və konsertlərdə iştirak:
Beynəlxalq "Novus Via" Musiqi Festivalı (Almaniya)
XI Qəbələ Beynəlxalq Musiqi Festivalı
XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı
Tallin, Estoniya – Azərbaycan-Estoniya Beynəlxalq layihəsi (2019)
New York – Nəsimi 650 layihəsi (2019)
Türkiyə – Ankara və Adanada “Kim-lik” adlı pantomim tamaşasına bəstələnmiş əsərlər (2020)
Layihə rəhbərliyi və təşkilatçılıq:
“Muğamatım bir dəryadır”
“Mən vətən torpağı, vətən daşıyam”
“Qürbətdən Vətən sədaları: Azərbaycan-İsrail”
“Bəxtiyar Vahabzadə-90”
“Yeddi səsdən doğan sərvət- ELM və Musiqi”
“Qara Qarayev-100”
"Beynəlxalq Mədəni Əlaqələrə Dəstək- Estoniya-Azərbaycan"
“Azərbaycan Musiqisinə qarşı Aparılan İşğalçılıq Siyasətinə Dair” (2020) – beynəlxalq onlayn konfrans-konsert
"Şuşa Fatehlərinin Zəfər yolu" (2023)
"Musiqidə Müasir Texnologiyalar"- (2024)
"Süni İntellekt və Musiqinin Vəhdəti" (2025) və s.
Mükafatlar:
“Gənclər Mükafatı” (2019) – Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi
“Qara Qarayev” adına fərdi təqaüd sahibi
Azərbaycan Mədəniyyət Nazirliyinin, Bəstəkarlar İttifaqının "Yaradıcı gənclər" təqaüdçüsü- (2021)
İlahə Qismət öz musiqi yaradıcılığı ilə Azərbaycan mədəniyyətinin inkişafına töhfə verməyə davam edir. Onun əsərləri milli və beynəlxalq arenalarda səslənərək Azərbaycan musiqisini dünyaya tanıdır.